“İsveçrə də daxil olmaqla, bəzi Qərb dairələri erməni lobbisinin təhriki ilə ATƏT-in Minsk qrupunun “dirildilməsi” və artıq həll olunmuş Qarabağ məsələsi ətrafında isteriyanın yenidən alovlandırılması məqsədilə təxribat xarakterli addımlar atmağa davam edir.
Bu barədə Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar 44 günlük müharibənin nəticələrinin qəbuluna əsaslanır. Bu, eyni zamanda, Qarabağ məsələsinin artıq bağlandığı və müzakirə mövzusu olmadığı deməkdir. Ermənistanın rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması erməni müxalifəti və diasporunu ciddi narahat edir, çünki onlar hələ də “Böyük Ermənistan” mifindən əl çəkmək istəmirlər.
S.E. Yalçın İsveçrədəki erməni lobbisinin son təşəbbüsünə də diqqət çəkib. Onun sözlərinə görə, həmin lobbinin göstərişi ilə İsveçrə parlamentinin 19 üzvü Bern şəhərində “Qarabağ naminə sülh təşəbbüsü” adlı qondarma platformanın yaradıldığını elan ediblər.