
Azərbaycanın milli koordinator təcrübəsi digər ölkələr üçün faydalı ola bilər.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci gününün bağlanış mərasimində deyib.
O bildirib ki, iqlim fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün milli öhdəliklərlə yerli səviyyədə icra arasında əlaqənin gücləndirilməsi vacibdir.
Dmitro Şlapaçenko bu baxımdan Azərbaycanın milli koordinator vəzifəsinin yaradılması ilə bağlı təcrübəsini xüsusi qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın bu təcrübəsindən digər ölkələr də yararlana və milli koordinatorlar arasında şəbəkə yarada bilərlər.
BMT rəsmisi, həmçinin iqlim fəaliyyətinin şəhər və yerli səviyyədə həyata keçirilməsi üçün yerli hakimiyyət orqanlarının potensialının gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, yerli qurumların texniki ekspertizaya, etibarlı məlumatlara, maliyyələşməyə və institusional dəstəyə çıxışı təmin edilməlidir.
Dmitro Şlapaçenko bildirib ki, pilot layihələrin həyata keçirilməsi ilə yanaşı, uğurlu həllərin daha geniş miqyasda tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu prosesdə özəl sektorun investisiyalarının və iştirakının artırılması da vacibdir.