Almaniya polisi ölkənin elektrik şəbəkəsinə qarşı bir neçə təxribat törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, yerli mediada yayımlanan xəbərlərdə 48 yaşlı həmin şəxsin Aaxen şəhəri yaxınlığında elektrik stansiyasının yaxınlığında tutulduğu bildirilib.
Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Royl şübhəli şəxsin elektrik şəbəkəsinə qarşı törədilən hücumlarla bağlı iki etiraf məktubunda məsuliyyəti üzərinə götürdüyünü bildirib. Məktublarda Brandenburqdakı Yenşvalde və Şvartse-Pumpe elektrik stansiyalarının ətrafında, eləcə də Şimali Reyn-Vestfaliyanın Qor, Berqhaym-Raydt, Dormagen və Vaysvayler ərazilərində baş verən hadisələrdən bəhs olunub.
Vaysvayler yaxınlığındakı yüksəkgərginlikli xəttin yanında daha bir məktub və bir neçə atəşaçma qurğusu da aşkarlanıb. Onların saxlanılan şəxslə əlaqəsinin olub-olmadığı hələlik məlum deyil.
Şübhəli şəxs hərəkətlərini fosil yanacağına qarşı mübarizə ilə əsaslandırıb.
Rəsmi qurumlar hadisələri iqlim ekstremizmi kimi qiymətləndirib. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.