
Türkiyənin 124 universiteti dünyanın 118 ölkəsindən 2297 ali təhsil müəssisəsinin qiymətləndirildiyi beynəlxalq reytinqə daxil olub.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, Türkiyənin Ali Təhsil Şurasının (YÖK) açıqlamasına görə, ötən il reytinqdə 109 universitetlə təmsil olunan Türkiyə bu il siyahıya daha 15 universitetin daxil olması ilə ABŞ və Hindistandan sonra dünyada üçüncü yerə yüksəlib. Türkiyədən Orta Doğu Texniki (ODTÜ), Koç, Sabancı və Boğaziçi universitetləri dünyanın ilk 500 ali təhsil müəssisəsi arasında yer alıb. Ümumilikdə 13 Türkiyə universiteti ilk 1000-likdə qərarlaşıb.
Reytinqdə ən yüksək nəticəni ODTÜ və Koç universitetləri göstərib. YÖK sədri Erol Özvar Türkiyənin 124 universitetlə dünya üçüncülüyünə yüksəlməsinin türk ali təhsilinin beynəlxalq görünürlüğü və təmsil imkanlarının artdığını göstərdiyini bildirib. Özvar Türkiyənin qlobal rəqabətdə mövqeyini gücləndirməyə davam edəcəyini qeyd edərək, ən azı iki dövlət və iki fond universitetinin dünyanın ilk 100-lüyündə yer almasının qarşıya qoyulan hədəflərdən biri olduğunu açıqlayıb.
YÖK sədri, həmçinin universitetlərin beynəlxalq reytinqlərdəki mövqeyinin yalnız statistik göstərici kimi qiymətləndirilmədiyini, elmi istehsal, tədqiqat imkanları və beynəlxalq akademik töhfənin artırılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.