Binəqədi rayonunun Fərman Məlikov küçəsində yol örtüyündə yenidən çökmə baş verib. Yerli sakinlərin sözlərinə görə, bu hal uzun müddətdir davam edir və səbəb kimi həmin ərazilərdə su sızmalarının olması göstərilir.
Bildirilir ki, aidiyyəti qurumlar dəfələrlə həmin küçələrdə təmir işləri aparsa da, alt qatın dolğun bərkitməməsi nəticəsində torpaq təzyiqə davam gətirmir. Nəticədə asfalt tez-tez çökür və avtomobillər üçün təhlükə yaradır.
Sonuncu hadisə isə bu gün baş verib. 90-ZP-701 dövlət nömrə nişanlı Nissan markalı avtomobil yolda yaranan çökəklik səbəbindən quyuya düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, bu, ərazidə yaşayan sakinlər arasında narahatlıq yaradıb.
Sakinlər məsələ ilə bağlı problemin köklü şəkildə həll edilməsini tələb edirlər.
Müxbir: İlham Əmirov