Bakı – Binəqədi rayonu, 7 və 8-ci mikrorayon ərazisində gecə saat 02:00 radələrində tüstü ilə müşahidə olunan naməlum dronun uçuşu sakinlər arasında ciddi narahatlıq yaradıb.
Hadisə dünən gecə qeydə alınıb. Sakinlərin bildirdiyinə görə, dron həyət evlərinin üzərindən aşağı hündürlükdə hərəkət edərək bir neçə evin üzərindən keçib. Onların sözlərinə əsasən, uçuş adi haldan fərqli olaraq olduqca yaxın məsafədə həyata keçirilib.
Ən diqqətçəkən məqamlardan biri isə dronun hərəkəti zamanı tüstüyə bənzər iz buraxmasının müşahidə olunmasıdır. Bu hal sakinlər arasında əlavə narahatlıq və suallar yaradıb.
Vətəndaşlar qeyd edir ki, gecə saatlarında yaşayış evlərinin üzərində bu cür uçuşların həyata keçirilməsi şəxsi həyatın toxunulmazlığı ilə yanaşı, təhlükəsizlik baxımından da ciddi narahatlıq doğurur.
Sakinlər aidiyyəti qurumları məsələyə aydınlıq gətirməyə və bu kimi halların araşdırılmasını xahiş edirlər.
Məsələ ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.
Baş redaktor: İntizar Əmirova