
280 SAYLI MƏKTƏBDƏ NƏ BAŞ VERİR? 5-Cİ SİNİF ŞAGİRDİ İKİ HƏFTƏDƏN ÇOXDUR DƏRSDƏN KƏNARDA QALIB!
Suraxanı rayonunda yerləşən 280 saylı tam orta məktəblə bağlı ciddi iddialar var!
İddialara görə, məktəbin 5-ci sinif şagirdi dərsə buraxılmır. Məktəbdə zavuç kimi təqdim edilən Bəhruz adlı şəxsin uşağa “get evə, məktəbə gəlmə” dediyi bildirilir. Səbəb kimi isə şagirdin dəcəl olması, digər uşaqların oxumasına və yazmasına maneçilik törətməsi göstərilir.
Daha da diqqətçəkən məqam budur ki, şagirdə portal açılana qədər evdə qalması, daha sonra isə sistem vasitəsilə başqa məktəbə köçürüləcəyi deyildiyi iddia olunur. Nəticədə azyaşlı şagird artıq iki həftədən çoxdur dərslərdə iştirak etmir!
Bəs bir uşağın təhsil taleyini kim müəyyənləşdirir? Şagirdin davranışı ilə bağlı narazılıq varsa, bunun həlli uşağı dərsdən kənarda saxlamaqdırmı? Məktəb rəhbərliyi bu vəziyyətə niyə aydınlıq gətirmir?
Məlumata görə, məktəbin direktoru Nəsimi Quliyev də hadisədən xəbərdardır. Elə isə suallar ünvanlanır məktəb rəhbərliyinə: Şagirdin dərsə buraxılmaması ilə bağlı hansı qərar qəbul edilib? Bu qərarın hüquqi əsası nədir? Uşağın təhsildən geri qalmasına görə kim məsuliyyət daşıyır?
Təhsil uşağın hüququdur, kiminsə şəxsi qərarı ilə məhdudlaşdırılacaq imtiyaz deyil!
Aidiyyəti təhsil qurumlarını dərhal araşdırma aparmağa, şagirdin dərsə davamiyyətinin təmin olunmasına və səsləndirilən iddialara aydınlıq gətirməyə çağırırıq.