
Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” adlı kitabı işıq üzü görüb. Nəşr xarici siyasətin xüsusiyyətlərinə, diplomatiya peşəsinin çətinliklərinə və Azərbaycanın diplomatik əlaqələrinin tarixindəki mühüm mərhələlərə həsr olunub.
Presedenttv.com AZƏRTAC-a istinadən xəbər verir ki, müəllif kitabında diplomatiyanın yalnız təntənəli ziyafətlərdən, rəsmi qəbullardan və xarici ölkələrə səfərlərdən ibarət peşə olması barədə geniş yayılmış stereotipləri təkzib edir.
Professorun fikrincə, bu peşənin zahiri cəlbediciliyinin arxasında xüsusi biliklərlə yanaşı, müdafiə olunan dövlət maraqlarının haqlılığına dərin daxili inam tələb edən gərgin, məsuliyyətli və çox vaxt riskli gündəlik əmək dayanır.

“Bilik və təcrübə diplomatın ən qiymətli keyfiyyətini – müdafiə etdiyi dövlət məqsədlərinin öz ölkəsinin və xalqının köklü maraqlarını ifadə etdiyinə dair daxili inamını əvəz edə bilməz. Məhz bu keyfiyyətlərin vəhdəti mürəkkəb şəraitdə təşəbbüskar fəaliyyətin və şəxsi cəsarətin etibarlı təminatıdır”, – deyə kitabda qeyd olunur.
F.Sadıxov ön sözdə vurğulayır ki, kitab klassik memuar deyil. Nəşrdə onun Azərbaycan Xarici İşlər Nazirliyindəki fəaliyyəti dövründə qazandığı şəxsi peşəkar təcrübə, eləcə də Yaxın Şərq ölkələrinə və Avropa dövlətlərinə uzunmüddətli diplomatik ezamiyyətləri zamanı yaşadıqları təhlil olunur. Kitabda əsas diqqət Azərbaycanın müasir xarici siyasi tarixinin formalaşmasında mühüm rol oynamış və yadda qalan hadisələrə yönəldilib.