Ukrayna və ABŞ texniki məsləhətləşmələr aparıb, Qara dənizin və enerji infrastrukturunun təhlükəsizliyini müzakirə ediblər. Tərəflər əsas diqqəti hərbi əsirlərin azad edilməsi və deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması məsələsinə yönəldiblər.
Bu barədə görüşdə iştirak edən Ukraynanın müdafiə naziri Rustem Umerov feysbuk səhifəsində məlumat verib.
“Ukrayna Prezidentinin tapşırığını yerinə yetirərək, ədalətli sülhün yaxınlaşması və dövlətimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işi davam etdiririk. Bu görüş Ciddədə ABŞ-la uğurlu məsləhətləşmələrin məntiqi davamıdır. Heç kim ukraynalılardan çox ədalətli sülhə can atmır, bizim mövqeyimiz dürüst, şəffaf və ardıcıl olaraq qalır", - deyə Umerov bildirib.