
Bəzi sosial media səhifələrində Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Rasim oğlu Musayevin itkin düşməsi barədə məlumatlar yayılıb.
Presedenttv.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, 2026-cı il sentyabrın 26-da Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.
Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
Hazırda Nəsimi Musayevin Ermənistan ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycanın aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.
Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.