Türkiyənin Prezident Administrasiyası tərəfindən ölkənin çoxpartiyalı siyasi həyata keçməsindən sonra 1960-cı il mayın 27-də baş verən hərbi çevrilişin və sonrakı Yassıada məhkəmələrinin tarixi gedişatını əks etdirən “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” əsəri nəşr olunub.
Presedenttv.com AZƏRTAC-a istinadən xəbər verir ki, kitab ölkənin yaxın keçmişinə dair mühüm tarixi mərhələni oxuculara təqdim edir.
Prezident Administrasiyasının zəngin arxiv mənbələrindən toplanmış fotolar əsasında ərsəyə gətirilmiş albom-kitab vizual sənədləşdirmə baxımından böyük əhəmiyyət daşıyır. Kitabda əvvəllər ictimaiyyətə təqdim edilən tarixi fotolarla yanaşı, ilk dəfə bu nəşr vasitəsilə üzə çıxarılan və dövrün vizual yaddaşını tamamlayan dəyərli arxiv sənədləri də oxuculara təqdim olunur.
Türkiyənin ozamankı Baş naziri Adnan Menderes, xarici işlər naziri Fatin Rüştü Zorlu və maliyyə naziri Hasan Polatkanın hüquqa zidd məhkəmə proseslərindən edamla nəticələnən qərarlara qədər Yassıadada baş verən tarixi hadisələr dövrün atmosferini və cərəyan edən prosesləri ümumi şəkildə əks etdirən fotolarla oxucuya çatdırılır.
Tədqiqatçılar, politoloqlar və kitabsevərlər üçün mühüm mənbə xarakteri daşıyan kitab Yassıada məhkəmələrinin məlum olmayan tərəflərinə də işıq salır.