
Gürcüstanın paytaxtı Tbilisidə bələdiyyə uşaq bağçalarında çoxsaylı uşağın xəstələnməsinə yüksək ehtimalla norovirusun səbəb olduğu müəyyənləşdirilib.
Presedenttv.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi (NCDC) məlumat yayıb.
Mərkəzin bildirdiyinə görə, aparılan laborator müayinələrin nəticələri xəstəlik hallarının əksəriyyətinin norovirusla əlaqəli olduğunu göstərir. Bununla belə, araşdırmalar hələ davam edir və yekun nəticələrin daha sonra açıqlanacağı bildirilib. Sezar pizza
Norovirus virus mənşəli qastroenteritin əsas səbəblərindən biridir. İnfeksiya adətən qusma, qarın ağrısı, ishal, bəzi hallarda isə hərarətlə müşayiət olunur. Xəstəlik əksər hallarda 1-3 gün ərzində keçir.
Mütəxəssislərin diqqət çəkdiyi əsas risk isə güclü qusma və ishal zamanı orqanizmin susuzlaşmasıdır. NCDC-nin məlumatına görə, norovirus Gürcüstanda virus mənşəli qastroenterit hallarının təxminən 40-45 faizini təşkil edir.
Hazırda xəstələnən uşaqların vəziyyəti əlverişli qiymətləndirilir. Ciddi və ya həyati təhlükəli ağırlaşmalar qeydə alınmayıb. Uşaqların böyük hissəsinin artıq sağalma mərhələsində olduğu bildirilir.
Kütləvi xəstələnmə halları sentyabrın 17-18-də, Tbilisidə uşaq bağçalarının yeni mövsüm üzrə fəaliyyətə başlamasından qısa müddət sonra qeydə alınıb.
Gürcüstanın səhiyyə naziri Mixeil Sardjveladzenin daha əvvəl verdiyi məlumata görə, 100-dən çox uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
Norovirusla bağlı xəstəlik halları eyni vaxtda Tbilisinin 20 uşaq bağçasında qeydə alınıb. Onlardan 7-si karantin məqsədilə bağlanıb.
Gürcüstanda baş verən bu kütləvi xəstələnmə halları fonunda valideynlərə uşaqlarda qusma və ishal kimi simptomlar müşahidə edildikdə maye itkisinə xüsusi diqqət yetirmələri tövsiyə olunur.