
Azərbaycan Dövlət İnformasiya Agentliyi
MƏDƏNİYYƏT
ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir
16.09.2026 [19:27]
A+ A-
ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir
Bakı, 16 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin İslam həmrəyliyinin əməli-praktik addımlar və birgə səylər vasitəsilə daha da möhkəmləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini yüksək qiymətləndiririk. Bu yanaşma İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) dialoq, əməkdaşlıq, sülh və davamlı inkişafı təşviq etmək missiyasına tam uyğundur.
Presedenttv.com xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib.
Baş direktor qeyd edib ki, Azərbaycan İslam ölkələri arasında münasibətlərin inkişafına və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verir.
“Biz ICESCO ilə Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı, eyni zamanda, Azərbaycanın təşkilatın proqram və təşəbbüslərinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk”, – deyə Salim bin Məhəmməd əl-Malik qeyd edib.
O vurğulayıb ki, ICESCO-nun Bakıdakı regional ofisinin fəaliyyətə başlaması tərəflər arasında formalaşmış tərəfdaşlığın mühüm praktiki nəticələrindən biridir. Regional ofis Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri və daha geniş regionla əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması üçün əhəmiyyətli platforma rolunu oynayır.
“ICESCO həmrəyliyi gücləndirmək, xalqlar və mədəniyyətlər arasında körpülər qurmaq, eləcə də İslam dünyasında sülh və inkişaf kimi ümumi məqsədləri irəli aparmaq üçün Azərbaycanla sıx əməkdaşlığını davam etdirməyə ümidvardır”, - deyə Baş direktor diqqətə çatdırıb.