
Səudiyyə Ərəbistanı və Misir beynəlxalq gəmiçilikdə yaranan problemlərin qlobal təchizat zəncirlərinə təsiri fonunda dəniz nəqliyyatı marşrutlarının inkişaf etdirilməsi və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu məsələ Səudiyyə Ərəbistanının nəqliyyat və logistika naziri Saleh əl-Casir ilə Misirin nəqliyyat naziri Kamil əl-Vəzir arasında keçirilən görüşdə müzakirə edilib.
Görüşdə iki ölkə arasında beynəlxalq nəqliyyat dəhlizləri üzrə inteqrasiyanın gücləndirilməsi, habelə Səudiyyə Ərəbistanı və Misir limanları arasında əlaqələrin genişləndirilməsi və bunun qarşılıqlı ticarətə, eləcə də Körfəz ölkələri ilə ticarət əlaqələrinə töhfə verməsi vurğulanıb.
Tərəflər Avropa ilə Körfəz ölkələrini Misir üzərindən birləşdirən Cənubi Ərəbistan Ticarət Dəhlizinin əhəmiyyətini də qeyd ediblər. Bu çərçivədə Misirin Dimyat və İtaliyanın Triest limanlarını birləşdirən “Ro-Ro” xəttindən, beynəlxalq logistika dəhlizlərindən, eləcə də Səudiyyə Ərəbistanının Neom limanından istifadə nəzərdə tutulur.
Görüşdə, həmçinin Qırmızı dəniz, Süveyş kanalı, Bab əl-Məndəb və Hörmüz boğazında naviqasiyanın təhlükəsizliyi və azadlığının təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Misirin nəqliyyat naziri Kamil əl-Vəzir ölkəsində sənaye, kənd təsərrüfatı və mədən istehsalı rayonlarını dəniz limanları ilə, həmçinin Qırmızı dənizdəki limanları Aralıq dənizi limanları ilə birləşdirəcək 8 inteqrasiya olunmuş logistika dəhlizinin yaradılmasının planlaşdırıldığını bildirib.