
Qazaxıstanda Manqistau vilayətində keçirilən təlimlər zamanı hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, komissiya Baş nazir Oljas Bektenovun sərəncamı ilə yaradılıb.
Komissiyanın tərkibinə müdafiə naziri, Manqistau vilayətinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə və Nəqliyyat nazirliklərinin rəhbərləri, Baş hərbi prokuror, eləcə də Sərhəd Xidmətinin nümayəndələri daxil olublar.
Komissiyanın sədri Kanat Bozumbayevə dərhal hadisə yerinə getmək, hərbçilərin həlak olması səbəblərinin hərtərəfli araşdırılmasını təmin etmək və ölənlərin ailələrinə yardım göstərilməsi ilə bağlı işlərə başlamaq tapşırılıb.
Qazaxıstan Müdafiə Nazirliyi bundan əvvəl məlumat verib ki, sentyabrın 24-də Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizi sahilində keçirilən təlimləri zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 19 hərbçi dənizə düşüb. Onlardan 9-u həlak olub, 3-ü xilas edilib. Xilas edilənlərdən biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışları davam etdirilir.
Hərbçilərin həlak olması faktı ilə bağlı cinayət işi başlanılıb və hazırda təhqiqat aparılır.