
Nizami Gəncəvi Azərbaycan xalqının milli-mədəni irsinin formalaşması, zənginləşməsi və gələcək nəsillərə ötürülməsində mühüm xidmətləri olan böyük mütəfəkkir, şair və filosofdur. XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvinin yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Şərq və dünya ədəbi-fəlsəfi düşüncəsinin inkişafında mühüm mərhələ təşkil edir. Onun əsərlərində insan, cəmiyyət, dövlət, ədalət, elm, təhsil, mənəviyyat və əxlaq məsələləri geniş şəkildə əks olunmuş, yüksək humanist və mənəvi dəyərlər ön plana çəkilib. Nizami Gəncəvinin yaradıcılığının əsasını təşkil edən “Xəmsə” Azərbaycan ədəbi-mədəni irsinin ən qiymətli nümunələrindən biri hesab olunur.
Presedenttv.com xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova deyib.
Professor diqqətə çatdırıb ki, şairin əsərlərində elmə və biliyə yüksək qiymət verilməsi, insanın kamilləşməsi, ədalətli cəmiyyətin qurulması və insan ləyaqətinin qorunması kimi ideyalar xüsusi yer tutur. Nizami Gəncəvinin milli-mədəni irsin inkişafına mühüm töhfələrindən biri də Azərbaycan ədəbi-fəlsəfi fikrinin zənginləşdirilməsidir. O, poetik sözün imkanlarından istifadə etməklə insan və cəmiyyət haqqında dərin fəlsəfi düşüncələr irəli sürüb, mənəvi kamillik ideyasını yaradıcılığının əsas istiqamətlərindən birinə çevirib. Onun qadına, ailəyə, dostluğa, sədaqətə, ədalətə və insan münasibətlərinə dair fikirləri əsərlərinin ictimai və mənəvi əhəmiyyətini daha da artırıb. Şairin yaradıcılığında Azərbaycan xalqının milli-mənəvi dəyərləri, qədim şəhər mədəniyyəti və dövrün ictimai həyatı ilə bağlı müxtəlif motivlərin yer alması onun irsinin milli-mədəni əhəmiyyətini daha da artırır.
“Gəncə şəhərinin Nizaminin yaradıcılığında mühüm yer tutması onun Azərbaycan mədəni mühitinə bağlılığını göstərən əsas amillərdən biridir. Nizami Gəncəvinin irsi Azərbaycan xalqının tarixi yaddaşının, ədəbi ənənələrinin və mənəvi dəyərlərinin öyrənilməsi baxımından mühüm mənbə kimi çıxış edir. Nizami yaradıcılığının mühüm xüsusiyyətlərindən biri onun milli sərhədləri aşaraq ümumbəşəri dəyərləri təbliğ etməsidir. Ədalət, sülh, humanizm, elm və təhsilə hörmət, insan ləyaqəti və mənəvi kamillik kimi ideyalar onun əsərlərinə universal xarakter qazandırıb. Bu səbəbdən Nizami Gəncəvinin yaradıcılığı müxtəlif xalqların ədəbiyyat və mədəniyyətinə təsir göstərib, əsərləri müxtəlif dillərə tərcümə edilib və dünya ədəbi irsinin mühüm nümunələri sırasında tanınıb”, - deyə o əlavə edib.
Səhər Orucova Nizami Gəncəvinin irsinin qorunması və təbliği Azərbaycan dövlətinin milli-mədəni siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyib: “Şairin əsərlərinin nəşri, tədqiqi, müxtəlif dillərə tərcüməsi, yubileylərinin keçirilməsi, adına mədəniyyət və elm müəssisələrinin yaradılması onun irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Nizami yaradıcılığının elmi baxımdan araşdırılması Azərbaycan ədəbiyyatının, tarixinin, fəlsəfi və ictimai fikrinin daha dərindən öyrənilməsinə imkan yaradır. Beləliklə, Nizami Gəncəvinin Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfəsi yalnız onun yaratdığı bədii əsərlərlə məhdudlaşmır. Onun yaradıcılığı milli ədəbi düşüncənin inkişafına, mənəvi dəyərlərin qorunmasına, humanist dünyagörüşünün formalaşmasına və Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına mühüm təsir göstərib. Nizami Gəncəvinin zəngin irsi bu gün də Azərbaycan xalqının milli-mədəni yaddaşının ayrılmaz hissəsi olaraq aktual əhəmiyyətini qoruyur və yeni nəsillərin mənəvi-intellektual inkişafına xidmət edir”.