
Sentyabrın 25-də səhər saatlarında Sırdərya vilayətində yerləşən yeni istilik elektrik stansiyasında 1600 meqavat gücün qəza səbəbindən dayanması təkcə Özbəkistanın bir sıra rayonlarında deyil, Qazaxıstanın bir hissəsində də elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub.
Presedenttv.com xəbər verir ki, Özbəkistan Energetika Nazirliyinin məlumatına görə, hadisə saat 05:05 radələrində Fransanın “EDF” şirkətinə məxsus yeni İES-də baş verib. Hazırda stansiyada istismara verilmə və sınaq işləri davam etdirilir.
Stansiyanın fəaliyyətinin dayanmasından sonra qəza əleyhinə avtomatik təhlükəsizlik sistemi işə düşüb və bunun nəticəsində ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılıb. “Podrobno.uz” portalı yazır ki, fasilələr əsasən kənd təsərrüfatında istifadə olunan su nasoslarına və məişət abonentlərinə təsir edib.
Özbəkistanda elektrik enerjisinin verilməsi dayandırılmış bütün abonentlərin enerji təchizatı artıq bərpa olunub.
Hadisə Qazaxıstanın enerji sisteminə də təsir edib. Qazaxıstanın elektrik enerjisi istehsal edən “KEGOC” şirkətinin məlumatına görə, saat 05:02 radələrində Özbəkistanın enerji sistemində 1516 meqavatlıq generasiya gücünün dayanması səbəbindən Mərkəzi Asiyanın enerji sistemindən güc axını baş verib və bu, Şimal-Cənub tranzitinin ayrılmasına səbəb olub.
Qazaxıstanda istehlakın müvəqqəti məhdudlaşdırılmış həcmi 962 meqavat təşkil edib. Qəza əleyhinə avtomatik sistem ştat rejimində işləyib.